Xaçmazda dövlət qurumlarının iştirakı ilə “Qəhvəyi mərmər bağacığına qarşı birgə mübarizə” mövzusunda regional müşavirə keçirilib.
Müşavirədə Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Xaçmaz, Quba və Qusar rayon icra hakimiyyətlərinin rəhbərləri, Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları və bitki mühafizəsi sahəsində çalışan mütəxəssislər iştirak ediblər.
Toplantıdan əvvəl iştirakçılar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla yad ediblər.Tədbirdə açılış nitqi ilə çıxış edən Xaçmaz rayon icra hakimiyyətinin başçısı Elnur Rzayev bildirib ki, rayon ərazisində bitki zərərvericilərinə, o cümlədən qəhvəyi mərmər bağacığına qarşı sistemli mübarizə tədbirləri həyata keçirilir. Zərərvericilərə qarşı mübarizə işinin təşkilində rayonda fəaliyyət göstərən müvafiq dövlət qurumlarının aktiv iştirak etdiyini deyən Elnur Rzayev görülən işlər nəticəsində qəhvəyi mərmər bağacığının aqrar sahəyə və ümumilikdə iqtisadiyyata vurduğu zərərin minimuma endiriləcəyinə əminliyini vurğulayıb. O bildirib ki, mübarizə işlərinin sürətləndirilməsi və effektivliyinin artırılması üçün ardıcıl məlumatlandırma işinin aparılması vacibdir və bu istiqamətdə davamlı işlər görülür.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov çıxışında bildirib ki, son dövrlərdə qlobal ticarət əlaqələrinin genişlənməsi və iqlim dəyişiklikləri fonunda ölkə ərazisinə nüfuz edən invaziv kənd təsərrüfatı zərərvericiləri arasında qəhvəyi mərmər bağacığı yüksək iqtisadi təhlükəlilik dərəcəsinə görə xüsusi risk qrupuna daxil olub. Yüksək adaptasiya qabiliyyəti və polifaq qidalanma xüsusiyyətləri ilə seçilən bu zərərverici, ölkəmizin ixrac potensialında mühüm yer tutan meyvəçilik, xüsusilə fındıqçılıq sektoru üçün birbaşa və ciddi təhdid formalaşdırır. Zərərvericinin artıq Şəki-Zaqatala iqtisadi rayonu ilə yanaşı Quba-Xaçmaz bölgəsinin meyvə bağlarında da müşahidə olunduğunu qeyd edən nazir xüsusilə Xaçmaz, Quba və Qusar rayonlarında qəhvəyi mərmər bağacığının populyasiya sıxlığının artdığını vurğulayıb. Quba-Xaçmaz iqtisadi zonası üzrə zərərvericinin aşkarlanması məqsədilə aparılan monitorinqlərin nəticələrini açıqlayan nazir Məcnun Məmmədov Xaçmaz və Qusar rayonlarını şimal regionunda sirayətlənmə baxımından əsas risk zonaları adlandırıb. O bildirib ki, qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirlərinin effektivliyini qorumaq üçün bioloji mübarizə imkanlarının tətbiqi, əkin sahələri və kənd ətrafı meşəliklərin vegetasiya dövründə planlı dərmanlanması, məlumatlandırma tədbirlərinin genişləndirilməsi və könüllü dəstələrin prosesə cəlb edilməsi vacibdir.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov qəhvəyi mərmər bağacığının ekoloji baxımdan təhlükəli zərərverici olduğunu qeyd edərək, nazirliyin yerli qurumlarının meşəlik və meşəətrafı ərazilərdə digər qurumlarla birgə mütəmadi tədbirlər həyata keçirdiyini bildirib. O, miqrasiya dövründə sərhəd bölgələrində zərərvericinin operativ izlənməsi məqsədilə Dövlət Sərhəd Xidməti əməkdaşlarının qərargah toplantılarına cəlb edilməsinin vacibliyini vurğulayıb. AQTA sədrinin müavini Balarəhim Quliyev Regional Əlaqələndirmə Mərkəzlərinin qəhvəyi mərmər bağacığına qarşı mübarizə çərçivəsində gördüyü işlər barədə məlumat verib, keçirilən görüşlər və həyata keçirilən tədbirlər haqqında hesabat təqdim edib. Yerli icra hakimiyyəti orqanlarının rəhbərləri çıxışlarında bölgələrdə aparılan mübarizə tədbirləri barədə məlumat verib, qərargahların fəaliyyətinin gücləndirilməsi ilə bağlı təkliflər səsləndiriblər.
Müşavirədə 2026-cı ildə qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirlərinin təşkili ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Mənbə: AZƏRBAYCAN RESPUBLİKASININ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ