Bakıda 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi keçirilir
  • 5
  • Tuesday, May 5, 2026

Bakıda 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi keçirilir

Bakı Ekspo Mərkəzində sayca 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi ("Caspian Agro") və 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi ("InterFood Azerbaijan") öz işinə başlayıb.

Sərginin açılışında çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, ölkəmizdə aqrar sektorun inkişafı dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Nazir qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü islahatlar kənd təsərrüfatının modernləşdirilməsinə, fermerlərin rifahının yüksəldilməsinə və aqrar istehsalın rəqabət qabiliyyətinin artırılmasına xidmət edir.

Regionun aparıcı aqrar platformalarından biri kimi mövqeyini möhkəmləndirmiş “Caspian Agro” sərgisi bu il yeni konseptual yanaşma - “Caspian Agro Week” formatında təşkil olunur. Bu yanaşma çərçivəsində sərgi yalnız məhsul və texnologiyaların nümayişi ilə məhdudlaşmır, sektorun müxtəlif istiqamətlərini əhatə edən forumlar, həmçinin ölkədə fəaliyyət göstərən iri ixtisaslaşmış innovativ təsərrüfatlara təşkil olunan səfərləri özündə birləşdirir. Bu il tədbirin “Caspian Agro Week” formatında keçirilməsi forumlar, panel müzakirələri və işgüzar görüşlər vasitəsilə aqrar sahənin aktual məsələlərinin daha geniş şəkildə müzakirəsinə imkan yaradır. Bu platforma dövlət, özəl sektor, elm və innovasiya nümayəndələri arasında səmərəli əməkdaşlığın gücləndirilməsinə, beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsinə xidmət edir.

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli strateji sahə olan kənd təsərrüfatı və qida sənayesinin dövlətin daimi diqqət mərkəzində olduğunu diqqətə çatdırıb. Agentlik sədri vurğulayıb ki, bu gün Azərbaycanda istehsal olunan qida məhsullarının beynəlxalq standartlara uyğunlaşdırılması nəticəsində ölkəmizdən dünyanın 73 ölkəsinə qida, baytarlıq və fitosanitar nəzarətində olan məhsulların ixracı uğurla həyata keçirilir. 2025-ci ildə Azərbaycandan rekord sayda bitkiçilik məhsulları dünya bazarına ixrac olunub.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov kənd təsərrüfatı və qida sənayesinin mikro, kiçik və orta sahibkarlıq subyektlərinin daha çox fəaliyyət göstərdiyi sektorlardan olduğunu diqqətə çatdırıb. O əlavə edib ki, KOBİA bu sektorlarda fəaliyyət göstərən KOB-ları müxtəlif xidmətlər və mexanizmlər çərçivəsində dəstəkləyir.

Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev bildirib ki, yerli istehsalçıların beynəlxalq platformalarda təmsil AZPROMO-nun dəstəyi ilə Azərbaycan şirkətləri müntəzəm olaraq qlobal və yerli sərgilərdə uğurla iştirak edir, yerli məhsullarımız vahid ölkə stendlərində “Made in Azerbaijan” brendi altında təqdim edilir, ixrac müqavilələri imzalanır, məhsullarımız yeni bazarlara çıxarılır.

FAO-nun ölkəmizdəki nümayəndəsi Muhammad Nasar Hayat öz növbəsində bu ilki sərginin aqro-ərzaq sektoru üçün mühüm bir vaxta təsadüf etdiyini deyib: “Təchizat zəncirlərinin pozulmasından iqlim təzyiqlərinə qədər artan qeyri-müəyyənliklərlə üzləşən dünyada dayanıqlı, innovativ və özünütəmin edən kənd təsərrüfatının əhəmiyyəti heç vaxt bu qədər vacib olmayıb. Bu ilin proqramının əsas istiqamətləri bu reallığı əks etdirir və onlar FAO-nun mandatı ilə üst-üstə düşür.”

Sərginin əhəmiyyətindən söz açan “ITE Group” şirkətinin Baş icraçı direktoru Edvard Stroon iştirakçıların sayının ilbəil artdığını və bu sərgilərin davamlı təşkil ediləcəyini diqqətə çatdırıb.

Qeyd edək ki, Bakı Ekspo Mərkəzinin bütün pavilyonlarını və açıq sahəsini əhatə edən builki “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərində 45 ölkədən 447 şirkət iştirak edir. Eyni zamanda, Almaniya, Belarus, Braziliya, Gürcüstan, İtaliya, Koreya, Niderland və İndoneziya sərgilərdə milli qruplar formatında təmsil olunaraq kənd təsərrüfatı və qida sənayesi məhsullarını təqdim edirlər. Bu il sərgilərdə Afrika-Azərbaycan Əməkdaşlıq Təşkilatı (AFAZ) ayrıca stendlə iştirak edir.

Builki sərgidə Kənd Təsərrüfatı Nazirliyi geniş və çoxşaxəli konsepsiya əsasında hazırlanmış stendlə çıxış edir. Nazirliyin stendində aqrar sahədə dövlət tərəfindən həyata keçirilən dəstək mexanizmləri, innovativ texnologiya və layihələr, rəqəmsal həllər, müasir soyutma sistemləri və avadanlıqları, çiləyici və multispektral dronlar, azad edilmiş ərazilərdə fəaliyyətə başlayan təsərrüfatların kənd təsərrüfatı məhsulları, heyvandarlıq və bitkiçilik məhsulları, arıçılıq məhsulları, startap təşəbbüsləri və regionlarda həyata keçirilən aqrar biznes festivalları nümayiş olunur. Sərgidə “Smart Agro” istiqaməti üzrə süni intellekt, ağıllı kənd, startaplar, robototexnika, pilotsuz uçuş aparatları və “green agro” bölmələri də təqdim olunur. Stenddə fermerlərin, sahibkarların və digər sərgi ziyarətçilərinin aqrar sahədə mövcud dəstək alətləri barədə məlumatlandırılması məqsədilə müxtəlif dövlət qurumları və özəl sektor nümayəndələrinin iştirakı təmin edilib.

Bu il “Caspian Agro” sərgisi zamanı bölgələrdə keçirilən Aqrar Biznes Festivalları çərçivəsində sıx əməkdaşlıq edilən Dövlət Məşğulluq Agentliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyi ilk dəfə olaraq ayrıca stendlərlə təmsil olunur. Sərgidə regionların kənd təsərrüfatı potensialının təqdimatına da xüsusi yer ayrılıb. Eyni zamanda, aqrar sahədə fəaliyyət göstərən sahəvi assosiasiyalar da ilk dəfə ayrıca stendlərlə sərgidə iştirak edirlər. Sərgidə aqroparkların iştirakı da diqqət mərkəzində saxlanılıb.

Bundan başqa, sərgilər çərçivəsində Azərbaycanın müxtəlif regionlarından olan fermerlər üçün xüsusi turlar təşkil olunacaq. Bu il 50-dən artıq bölgədən 1000-dən çox fermer sərgini ziyarət edəcək.

Qeyd edək ki, “Caspian Agro Week” çərçivəsində aqrar sahənin aktual mövzularının müzakirəsinə həsr olunmuş müxtəlif forumlar keçiriləcək, panel sessiyalar təşkil olunacaq.

Mənbə: AZƏRBAYCAN RESPUBLİKASININ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ