Kənd Təsərrüfatı Nazirliyi ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən üç texniki layihənin nəticələrinin təqdimatına həsr olunmuş tədbir keçirilib.
Tədbirdə dövlət qurumlarının nümayəndələri, yerli və beynəlxalq ekspertlər, kənd təsərrüfatı assosiasiyaları və kooperativlərinin təmsilçiləri, fermerlər və tərəfdaş təşkilatların nümayəndələri iştirak ediblər.
Qeyd olunub ki, hər üç layihə ölkəmizin aqrar sektorunda institusional inkişafın gücləndirilməsi, məşğulluğun artırılması, innovativ yanaşmaların tətbiqi və icma inkişafının dəstəklənməsi sahəsində mühüm rol oynayıb. “Ağıllı kənd konsepsiyasının icrasına dəstək və inteqrasiya olunmuş icma inkişafı” layihəsi Azərbaycanın prioritet istiqamətlərindən biri olan Ağıllı Kənd modelinin strukturlaşdırılmış şəkildə tətbiqi üçün çox vacib elmi-metodoloji baza yaradıb. Layihə çərçivəsində icma əsaslı idarəetmə mexanizmləri təkmilləşdirilib, sosial, iqtisadi və ekoloji komponentlərin inteqrasiyasına dair innovativ yanaşmalar hazırlanıb, rəqəmsal həllərin kənd icmalarında səmərəli tətbiqi üçün təkliflər formalaşdırılıb.
Digər texniki layihə çərçivəsində isə Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda kənd yerlərində məşğulluğun artırılması və dolanışıq vasitələrinin yaxşılaşdırılması və ölkəmizdə kənd məşğulluğunun artırılması üçün real vəziyyəti, əmək bazarının tələblərini və perspektiv istiqamətləri müəyyənləşdirib. Layihə nəticəsində kənd yerlərində əmək bazarının təhlili aparılıb, gənclər və qadınlar üçün iqtisadi imkanları genişləndirən istiqamətlər müəyyən edilib, sahibkarlıq, kooperativçilik və dayanıqlı gəlir modelləri üzrə praktik tövsiyələr hazırlanıb.
“Əməkdaşlığın genişləndirilməsi üçün ehtiyacların qiymətləndirilməsi və imkanların müəyyənləşdirilməsi” layihəsi Nazirliyin, tabeli qurumların və tərəfdaşların fəaliyyəti arasında koordinasiyanın daha səmərəli qurulmasına xidmət edən çox vacib institusional qiymətləndirmələr təqdim edib.
Tədbirdə həmçinin Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan iqtisadi zonalarında kənd təsərrüfatı potensialının qiymətləndirilməsi, dayanıqlı məşğulluq modelləri, dəyər zəncirlərinin inkişafı və kənd təsərrüfatı xidmətlərinin təkmilləşdirilməsi üzrə təkliflər səsləndirilib.
Daha sonra tədbir panel müzakirələrlə davam etdirilib. Paneldə layihə nəticələrinin tətbiqi, dövlət qurumları və tərəfdaş institutlar arasında koordinasiya, kənd təsərrüfatında fəaliyyət göstərən maraqlı tərəflər üçün yeni imkanlar və gələcək əməkdaşlıq istiqamətləri nəzərdən keçirilib. Müzakirələrdə iştirakçıların sualları cavbalandırılıb.
Tədbirin yekununda qeyd edilib ki, həyata keçirilən texniki layihələr kənd təsərrüfatında institusional potensialın gücləndirilməsinə, innovativ yanaşmaların tətbiqinə, regional inkişaf proseslərinə və fermerlər üçün praktik dəstək mexanizmlərinin təkmilləşdirilməsinə mühüm töhfə verəcək.
Mənbə: AZƏRBAYCAN RESPUBLİKASININ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ