Şəmkirdə müasir tərəvəzçilik və innovativ istixana texnologiyaları ilə tanışlıq olub
  • 11
  • 9 oktyabr 2026, cümə

Şəmkirdə müasir tərəvəzçilik və innovativ istixana texnologiyaları ilə tanışlıq olub

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzinin mütəxəssisləri Şəmkir rayonunda fəaliyyət göstərən “Rövşənoğlu Holdinq”in tərəvəz təsərrüfatına səfər ediblər. Səfərin məqsədi qabaqcıl təcrübə, müasir tərəvəzçilik üsulları və innovativ istixana texnologiyaları ilə tanış olmaq, əldə olunan biliklərin aqrar sahədə təlim və maarifləndirmə işlərində tətbiqi imkanlarını qiymətləndirmək olub.

Səfər çərçivəsində mütəxəssislərə təsərrüfatın fəaliyyəti, istehsal prosesi və tərəvəzçilik istiqamətində həyata keçirilən işlər barədə ətraflı məlumat verilib. Onlar istixanalarda yaradılmış şərait, bitkilərin becərilməsi, suvarma və qidalandırma sistemləri, eləcə də məhsuldarlığın artırılmasına yönəlmiş müasir aqrotexniki yanaşmalarla tanış olublar. Xüsusilə istixana şəraitində bitkilərin inkişafına təsir göstərən əsas amillərin idarə olunması, temperatur və rütubət rejiminin tənzimlənməsi, su və gübrələrdən səmərəli istifadə, bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi və istehsal prosesinin mərhələli şəkildə təşkili diqqət mərkəzində olub.

Proqrama əsasən müasir texnologiyaların tətbiqi ilə yanaşı, təsərrüfatın idarə olunması və istehsal proseslərinin səmərəli təşkili istiqamətində həyata keçirilən tədbirlər də nəzərdən keçirilib. Mütəxəssislər tərəfindən tətbiq olunan yeniliklərin üstünlükləri, onların məhsulun keyfiyyətinə və məhsuldarlığa təsiri barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Aqrar Təlim Mərkəzinin mütəxəssisləri tərəfindən müasir texnologiyaların və qabaqcıl təsərrüfat təcrübəsinin öyrənilməsi aqrar sahədə bilik və bacarıqların artırılması, innovativ yanaşmaların daha geniş tətbiqi və fermerlərin müasir istehsal üsulları barədə məlumatlandırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Mənbə: AZƏRBAYCAN RESPUBLİKASININ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ