Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Qırğızıstan nümayəndə heyəti ilə görüşüb
  • 16
  • 9 dekabr 2025, çərşənbə axşamı

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Qırğızıstan nümayəndə heyəti ilə görüşüb

Kənd Təsərrüfatı Nazirliyində Azərbaycanda səfərdə olan Qırğızıstan Nazirlər Kabineti sədrinin müavini, su resursları, kənd təsərrüfatı və emal sənayesi naziri Bakıt Torobayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Qonaqları salamlayan Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın dinamik inkişaf etdiyini bildirib. İyun ayında İssık-Kul vilayətində Türk Dövlətləri Təşkilatının kənd təsərrüfatı nazirlərinin görüşü çərçivəsində aparılan müzakirələri xatırladan nazir Azərbaycanla Qırğızıstan arasında heyvandarlıq, elmi tədqiqatlar, təhsil, birgə emal müəssisələrinin yaradılması, kənd təsərrüfatının rəqəmsallaşması və aqrobiznes sahəsində böyük əməkdaşlıq potensialının olduğunu vurğulayıb. Məcnun Məmmədov qeyd edib ki, iki ölkənin sahibkarlarının iştirakı ilə birgə biznes-forumların keçirilməsi, ixrac potensialına dair davamlı məlumat mübadiləsinin aparılması aqrar məhsulların ticarət dövriyyəsinin genişlənməsinə müsbət təsir göstərə bilər. Nazir Azərbaycan Respublikasının kənd təsərrüfatının rəqəmsallaşması və aqrar sığorta sahəsində böyük təcrübəyə malik olduğunu xatırladıb, bu sahələrdə öz təcrübəsini Qırğızıstan tərəfi ilə bölüşməyə hazır olduğunu deyib.

Səmimi qəbula görə təşəkkürünü bildirən Qırğızıstan Nazirlər Kabineti sədrinin müavini, su resursları, kənd təsərrüfatı və emal sənayesi naziri Bakıt Torobayev ölkəsinin Azərbaycan Respublikası ilə bütün sahələrdə, o cümlədən kənd təsərrüfatı sahəsində əməkdaşlığı daha da inkişaf etdirmək niyyətində olduğunu deyib. Ölkələrimizin aqrar sahədə əməkdaşlıq potensialının böyük olduğunu bildirən cənab Torobayev qeyd edib ki, ikitərəfli əlaqələrin inkişaf etdirilməsi bu potensialdan daha səmərəli istifadə etməyə imkan verəcək. Azərbaycanın bağçılıq, kənd təsərrüfatının rəqəmsallaşdırılması, aqrar xidmətlərin təşkili, aqrar sığorta mexanizmi, istixanalar və soyuducu anbarların qurulması və istismarı sahəsində təcrübəsi ilə yaxından maraqlandıqlarını bildirən Bakıt Torobayev bu istiqamətlər üzrə sıx əməkdaşlığın qurulmasının hər iki tərəfin maraqlarına cavab verdiyini deyib. Tərəflər qeyd olunan istiqamətlər üzrə Azərbaycan təcrübəsinin öyrənilməsi məqsədilə yaxın zamanlarda Qırğızıstandan yüksək səviyyəli heyətin ölkəmizə səfərinin təşkili barədə razılığa gəliblər. 

Bundan başqa görüşdə kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsinin artırılması, heyvandarlıq, toxumçuluq, beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlıq imkanları geniş müzakirə olunub.

Mənbə: AZƏRBAYCAN RESPUBLİKASININ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ